ENG

Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçirilmişdir

A A A
May 27 2016

Mayın 31-də Bakıda “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən təşkil edilən gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi-təşkilati dəstəyi ilə keçirilir.

Konfransda ATMU-nun rektoru, professor Cəfər Cəfərov mövzunun aktuallığından danışıb, tədbirin əhəmiyyətini qeyd edib. Bildirilib ki, konfransın keçirilməsinin əsas məqsədi müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən, aparıcı sahələrindən olan turizmin elmi əsaslarla inkişafına nail olmaqdır. Tədbir qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılan elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyadakı turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların işinin düzgün təşkili, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.

Qeyd olunub ki, konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edirlər. Məruzələr sırasında Türkiyə və İngiltərədən təqdim olunmuş maraqlı işlər də var.

EİF-in icraçı direktoru Elçin Babayev bildirib ki, turizm sənayenin aparıcı istiqamətlərindəndir. Ölkədə bu sahənin inkişafı elmi əsaslara söykənməli, regional və beynəlxalq təcrübə öyrənilməli, eyni zamanda, Azərbaycanın özünəməxsus reallıqları önə çəkilməlidir. Bu prosesdə gənc kadrlar aparıcı qüvvə kimi Azərbaycan turizm brendini dünyada tanıtmalıdırlar. Ərazisinə görə nisbətən kiçik olan ölkəmiz o qədər zəngin, təbii gözəlliklərə, tarixi məkanlara, müxtəlif iqlim qurşaqlarına malikdir ki, ölkəyə gələn turistlər qısa müddətdə bunların hamısı ilə tanışlıq imkanı qazanırlar. Turizm eyni zamanda mədəniyyətlərarası dialoqun ən çevik daşıyıcılarından biridir. Multikulturalizm ənənələrinin və tolerantlığın hər addımda izi görünən bu diyarın təbliğində turizmin imkanları əvəzsizdir, yüzlərlə buklet və reklamlardan səmərəlidir.

E.Babayev vurğulayıb ki, turizmin inkişafı üçün ölkədə yaradılmış əlverişli mühitdən düzgün istifadə etmək lazımdır. Bu məsələdə elmin müxtəlif sahələrinin inteqrasiyasından faydalanmaq olar, yəni otel biznesi yalnız qida və yaşayışla bitməməlidir, arxeologiya, tarix, botanika, astronomiya, geologiya kimi elm sahələrinin təbliğ imkanlarından istifadə edilməlidir. Turizm sahəsində ixtisaslaşan gənc alim və mütəxəssislərimiz xaricdə ixtisaslarını artırmalı, təcrübə keçməlidirlər. Turizm sahəsində peşə-ixtisas məktəbləri fəaliyyət göstərməli, tanınmış mütəxəssislər ustad dərsləri keçməlidirlər. Elmin İnkişafı Fondu turizm üzrə elmi tədqiqatları dəstəkləməkdə maraqlıdır. Belə tədbirlər gələcəkdə Azərbaycanını müxtəlif guşələrində - Naxçıvan, Gəncə və Şəkidə keçirilməlidir. Bugünkü konfrans turizm sahəsində elmi tədqiqatların potensialını qiymətləndirməyə imkan verəcək.

Digər çıxış edənlər də tədbirin əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycanda turizmin inkişafına töhfə verən bu cür konfransların tez-tez təşkil olunmasının vacibliyini vurğulayıblar.

Sonra konfrans “Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, “Regional turizmin inkişafında yerli özünüidarəetmənin yeri və icma əsaslı turizmin regionların inkişafında rolu”, “Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri və regional turizmin davamlı inkişafında inkişaf etmiş turizm regionlarının menecment təcrübələri”, “Regional turizmin logistik problemləri və regional turizmin inkişafında yeni marketinq meyilləri” və “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında bölmələr üzrə iclaslarla işini davam etdirib. Alim və mütəxəssislərin mövzuya dair məruzələri dinlənilib, müzakirələr aparılıb.

Konfrans çərçivəsində sərgi təşkil olunub, turizmlə bağlı videoçarxlar nümayiş etdirilib.

Konfrans iyunun 1-də başa çatmışdır.

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR