ENG

Elmin İnkişafı Fondu 2013-cü ilin 27 iyun tarixində növbəti regional məsləhət seminarını Naxçıvanda keçirmişdir

A A A
İyun 27 2013

Son illər ölkədə elmin inkişafı üzrə mühüm sərəncamlar imzalanır, bu istiqamətdə müxtəlif Dövlət proqramları həyata keçirilir. Elmin inkişafı üzrə Milli Strategiyanın qəbul olunması, “Elm haqqında” qanunun geniş müzakirəsi, elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, əsaslı təmir və yenidənqurma işləri, kadr hazırlığına xüsusi diqqət yaxın zamanlarda digər sahələrdə olduğu kimi, elmin də daha öncül sıralara çıxacağına zəmanət yaradır. Ölkədə elmin baza maliyyələşdirilməsi ilə yanaşı, qrantlar yolu ilə elmi tədqiqatların və elm yönümlü tədbirlərin dəstəklənməsi alim və mütəxəssislərin fəaliyyətini stimullaşdırır, onlara əlavə azad yaradıcılıq imkanları verir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) fəaliyyəti və daima zənginləşən müxtəlif formatlı qrant müsabiqələri həmin missiyanın uğurla yerinə yetirilməsinə kömək edir.

Fondun qrant müsabiqələrində uğurlu iştirak təqdim olunan layihələrin elmi tutumu ilə yanaşı, onların səlis tərtibatından da əhəmiyyətli dərəcədə asılıdır. Fond, bir qayda olaraq, hər müsabiqə dövründə Bakıda EİF-in icraçı direksiyasında qrant iddiaçılarına kömək məqsədi ilə alim və mütəxəssislərlə mütəmadi görüşlər, məsləhət seminarları keçirir, məsləhətləşmələr aparır, ortaya çıxan problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bununla yanaşı, böyük auditoriyalar üçün səyyar seminarlar da təşkil olunur. Bunların sırasında elmi potensialın cəmləşdiyi regionlarda keçirilən seminarların xüsusi əhəmiyyəti vardır.

Fondun birinci regional məsləhət seminarı bu yaxınlarda Gəncə şəhərində keçirilmişdir. Regionda fəaliyyət göstərən akademiya təşkilatları, universitetlər, sahə elmi-tədqiqat institutları və digər qurumlardan beş yüzədək alim və mütəxəssisin iştirak etdiyi seminar dialoq formatında keçirilmiş, suallar cavablandırılmışdır.

EİF-in növbəti məsləhət seminarı Naxçıvan şəhərində keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti və digər qurumların əməkdaşları iştirak etmişlər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qrant iddiaçılarına kömək göstərilməsində bu cür tədbirlərin əhəmiyyətini, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdiyini qeyd etmiş, bu sahələrdə əldə olunmuş nailiyyətlərdən danışmışdır. İ.Hacıyev Naxçıvanda qazanılan uğurlardan da söz açmış, regionun bütün sahələrdə potensialının daha da artdığını bildirmişdir. Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Elmin qrantlar yolu ilə maliyyələşdirilməsinin hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Keçid dövrünü uğurla başa vuran və sürətlə inkişaf edən ölkəmizdə elmin inkişafına göstərilən xüsusi qayğıdan danışan E.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın regional elmi mərkəzə çevriləcəyi ilə bağlı fikrini xatırlatmış, bunun üçün alim və mütəxəssislərin, elmin inkişafına xidmət edən bütün qurumların daha səmərəli və əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır. Seminarda EİF-in qrant müsabiqələri, onların növləri, müsabiqələrdə iştirak şərtləri, elmi prioritetlər, qrant üçün ərizə və sənədlərin tərtibatı qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, fond fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, məqsədli qrant müsabiqələri (“Gənc alim və mütəxəssislərin qrant müsabiqəsi”, “Şuşa qrantı”, “Mobillik qrantı”, “İnformasiya-kommunikasiya texnologiyaları qrantı”) də təşkil edir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının (cihaz, avadanlıq və qurğular) ən modern səviyyədə yenilənməsini, Elmin İnkişafı Fondu tərəfindən xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının maliyyələşdirilməsini nəzərdə tutur. Tədbirdə EİF-in fəaliyyətini əks etdirən əyani materiallar nümayiş olunmuş, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Qeyd olunmuşdur ki, Naxçıvanın böyük elmi potensialı vardır və bu regiondan təqdim edilən qrant layihələrinin sayı getdikcə artmalıdır. Regiondan humanitar və ictimai elmlər, biologiya və aqrar elmlər sahələri üzrə xüsusilə daha çox qrant layihələri təqdim oluna bilər. Elmin İnkişafı Fondu indiyədək Naxçıvan regionundan Yer haqqında elmlər, kimya, astrofizika, biologiya, humanitar və ictimai elmlər sahələri üzrə bir sıra qrant layihələrini maliyyələşdirmişdir. Səyyar seminarların təşkilinin EİF-in keçirdiyi müsabiqələrə regionlardan təqdim edilən layihələrin tərtibat və keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəyi gözlənilir. Elmin İnkişafı Fondu regionlarda səyyar seminarların müntəzəm keçirilməsini nəzərdə tutur.

Mənbə: AzərTAC

 

HİKMƏTLİ SÖZLƏR