ENG

“Springer” nəşriyyatının, Elmin İnkişafı Fondunun və AMEA İnformasiya Texnologiyaları İnstitutunun həm-təşkilatçılığı ilə tədqiqatçılar üçün “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda “Müəllif Seminarı” keçirilmişdir

A A A
Aprel 22 2013

“Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadədir.

Alimlərin mühüm kəşflərinin, elmi nəticələrinin təbliğində böyük əhəmiyyət kəsb edən elmi bazalarla əməkdaşlıq bu gün elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdəndir. Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində təmsil olunması üçün “Springer”, “Elsevier”, IEEE, “Tomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. 

Elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu bazaların təcrübəsinin, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblərin və s. öyrənilməsi məqsədilə aprelin 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda tədqiqatçılar üçün “Müəllif Seminarı” keçirilmişdir. 

Tədbirdə “Springer” nəşriyyatının Orta Şərq ölkələri üzrə redaktoru Dr. Kris Bendal, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Sıtkı Aktaş, elektron kitabxana üzrə satış direktoru Frans Letenstrom və satış direktoru David Elek, o cümlədən Elmin İnkişafı Fondunun icraçı direksiyanın əməkdaşları, AMEA institutlarının rəhbərləri, alim və mütəxəssislər, o cümlədən ali təhsil müəssisələrinin gənc tədqiqatçıları, KİV nümayəndələri iştirak etmişlər. 

Seminar Azərbaycanın elm və təhsil müəssisələrinin “Springer”in xidmətlərindən səmərəli istifadəsinin təmini, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma və digər məsələlərin müzakirəsi məqsədi daşıyırdı.

“Springer”in Orta Şərq ölkələri üzrə redaktoru K.Bendal “Elmi-tədqiqat və elmi nəşrlər: imkanlar və perspektivlər”, “Elmi məqalənin yazılması və jurnala təqdim edilməsi”, “Springer”in müəlliflərə dəstək üçün xidmətləri” mövzuları üzrə məruzələrlə çıxış etmişdir.

Məruzəçi beynəlxalq elmi jurnallarda məqalələrin yazılma, strukturlaşdırılma və çap olunma qaydaları, irəli sürülən tələblər, yaradılan imkanlar, tətbiq ediləcək strategiyalar və s. haqqında ətraflı məlumat vermişdir.

Sonra məruzəçi verilən çoxsaylı sualları cavablandırdı.

 

K.Bendalın məruzələrinin elektron formasını buradan yükləyə bilərsiniz.

 

HİKMƏTLİ SÖZLƏR