AZE

27 sentyabr Azərbaycanda Anım Günüdür

1152
A A A
September 27 2022
27 sentyabr Azərbaycanda Anım Günüdür
 
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 
Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. 
 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. 
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. 
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 
 
Xalqımız Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edir.
 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

WISE WORDS