AZE

Elmin İnkişafı Fondu Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu ilə əməkdaşlıq edəcək

1210
A A A
September 22 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin icraçı aparatı, həmin nazirlik yanında İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi milli ofisi, Yaşnabad İnnovasiya Texnoparkı, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondundan olan nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Elmin İnkişafı Fondundan məlumat verilib.

Görüşün keçirilməsində əsas məqsəd Özbəkistanın müvafiq qurumları ilə mübadilə proqramlarının təşkil edilməsi, gənc tədqiqatçıların təcrübə keçmələri üçün imkanların yaradılması və qısamüddətli qarşılıqlı kadr mübadiləsinin aparılması istiqamətində birgə əməkdaşlıq əlaqələrinin qurulması olub.

EİF-in icraçı direktoru Mehriban İmanova qonaqlara Elmin İnkişafı Fondunda son illərdə görülən işlər, icra olunan layihələr haqqında ətraflı məlumat verib. O, Özbəkistanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açacağına və birgə əməkdaşlığın yüksək səmərə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondunun şöbə müdiri Muhsinbek Jurabekov əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat, eksperimental-konstruktor və innovasiya layihələrinin maliyyələşdirilməsinin təşkil olunmasının planlaşdırıldığını qeyd edib. Bildirib ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu Azərbaycanda elm, təhsil, texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək və dəstəkləməyi qarşıya məqsəd qoyub. O, həmçinin iki fond arasında sonrakı dostluq münasibətlərinin, təcrübə mübadiləsinin möhkəmləndirilməsi və inkişafının zəruriliyinə toxunub.

Vurğulanıb ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu EİF ilə təşkilatlara forumlar, seminarlar, konfranslar, dəyirmi masalar və brifinqlərin keçirilməsində dəstək göstərəcək, elmi-tədqiqat müəssisələri və digər strukturların nümayəndələri üçün konsultasiyaların təşkilində və qarşılıqlı maraq doğuran digər məsələlərdə birgə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində təcrübə keçəcəklər.

Mənbə: Azərtac

 

WISE WORDS