AZE

“Teknofest Azərbaycan” çərçivəsində görüşlər.

1655
A A A
May 31 2022

Azərbaycanda Elmin İnkişafı Fondu ilə TÜBİTAK-ın birgə multidissiplinar xarakterli beynəlxalq konfransının keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda birgə beynəlxalq konfrans keçirməyi planlaşdırır.

Bu barədə "TEKNOFEST Azərbaycan" çərçivəsində mayın 29-da Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova və TÜBİTAK-ın prezidenti, professor Hasan Sandal arasında keçirilən görüşdə məlumat verilib.

Görüşdə TÜBİTAK-ın vitse-prezidenti, professor Əhməd Yozgatlıgil və Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fateh Kacır da iştirak ediblər.

Birgə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar zamanı bu ilin sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının, Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və TÜBİTAK-ın birgə təşkilatçılığı ilə Azərbaycanda texnologiya sahəsində ortaq multidissiplinar xarakterli beynəlxalq konfransın keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq konfransın materiallarının 100 məqalədən ibarət olmaqla "Springer" nəşriyyatında çap olunması da təklif edilib.

Qeyd olunub ki, EİF-in TÜBİTAK-la birgə əməkdaşlığı çərçivəsində artıq fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli bir qrant layihə yekunlaşıb, digərinin isə həyata keçirilməsi planlaşdırılır. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında icra olunan beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin EİF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müzakirələrdə TÜBİTAK-ın EİF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Technofest çərçivəsində türk şirkətləri ilə də bir sıra görüşlər keçirilib və gələcək perspektivlər müzakirə olunub.

WISE WORDS