AZE

Elmin İnkişafı Fondu tərəfindən “Gənc Alim və Tədqiqatçıların” 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb.

4550
A A A
March 31 2021

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri təşkil edir. Məqsəd Azərbaycanda alim və tədqiqatçıların ali təhsil müəssisələrində, tədqiqat mərkəzlərində aparılan təbiət, dəqiq, texniki və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən tətbiqi və innovativ xarakterli elmi araşdırma və tədqiqatların daha da yüksək səviyyədə və koordinasiya olunmuş şəkildə dəstəklənməsidir. Bu baxımdan təşkil edilən qrant müsabiqələri elmi fəaliyyətin stimullaşdırılmasını, alim və tədqiqatçılara əlavə yaradıcılıq imkanlarının yaradılmasını, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsini, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsini şərtləndirir.

Gənc Alim və Tədqiqatçıların 5-ci  qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, tədqiqatların maliyyələşdirilməsi və cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında layihə nəticələrindən səmərəli istifadənin təmin edilməsidir.

Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 75 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu 2020-ci il 07 avqust – 18 sentyabr tarixləri arasında həyata keçirilmişdir. Layihələr müsabiqəyə Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilmişdir.

Müsabiqədə AMEA-nın elmi institutlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi- tədqiqat qurumlarından alim və mütəxəssislər iştirak etmişlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara köməklik göstərilməsi, yaranan sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət vebinarları keçirilmişdir.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil etmişdir. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin, maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.

Gənc Alim və Tədqiqatçıların 5-ci  qrant müsabiqəsi üzrə 12 qalib layihə müəyyənləşdirilmişdir.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, elmi-tədqiqat institutlarından olan gənc alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.

Müsabiqə üzrə qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu,  Fizika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Radiasiya Problemləri İnstitutu, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akad.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Medipol Universiteti, Yüksək Texnologiyalar üzrə Tətqiqat Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Qobustan Milli Tarix-Bədii qoruğu, Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.

1 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 4 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 3 layihə humanitar və ictimai elmlər üzrə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 6-sı qadındır. Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Elmin İnkişafı Fondunun mətbuat xidməti

WISE WORDS